Rusiyada “Worldfood Moscow 2020” beynəlxalq sərgisi işə başlayıb.
Foodinfo.az-ın məlumatına görə, bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, sentyabrın 25-nə qədər davam edəcək sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı 30-a yaxın Azərbaycan şirkətinin nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular, qənnadı və un məmulatları, çay, mürəbbə, meyvə quruları və distilyatları, kompot, limonad, və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.
Azərbaycan istehsal olan qeyri-neft məhsulları indiyədək Rusiyada keçirilmiş bir sıra beynəlxalq sərgilərdə təqdim olunub, Azərbaycan sahibkarları və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, razılıqlar əldə olunub. Belə ki, ötən il Rusiyada təşkil olunmuş 2 beynəlxalq sərgi çərçivəsində Azərbaycan şirkətləri müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsulların Rusiyaya ixracına dair 11,1 mln. manat dəyərində müqavilə bağlayıblar. İndiyə qədər bu müqavilər üzrə dəyəri 10,7 milyon manatdan çox məhsul ixrac olunub.
Bu il fevralın 10-14-də Moskvada təşkil edilmiş “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində isə 30-dan çox Azərbaycan şirkətinin çoxsaylı çeşiddə məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib. Sərgi nəticəsində Azərbaycan məhsullarının ixracına dair 14 milyon manat dəyərində müqavilə imzalanıb və artıq dəyəri 10 milyon manatdan çox məhsul ixrac olunub.