Biznesmen müvəffəqiyyətli şəkildə öz biznesini davam etdirmək üçün nələri bilməlidir?
1. İnsan resurslarının və kapitalın bazarda paylanması xüsusiyyətlərini;
2. Öz işinin əsas addımlarını;
3. Biznesin bütün potensiallarından səmərəli istifadə etməyi;
4. İşinə uyğun olan idarə etmə konsepsiyalarını;
5. Planlaşdırma bacarığı və s.
Məhz bu məqalədə biznesdə müvəffəqiyyətli olmaq üçün vacib analiz növü olan “ABC Analizi” haqqında danışacayıq.
ABC analizi vasitəsilə bir təşkilatın əsas resurslarını əhəmiyyətlilik dərəcəsinə görə qruplaşdırmaq olar. Bu analizin əsasını Pareto prinsipi təşkil edir. Yəni gördüyümüz işin 20%-i, aldığımız nəticənin 80%-ni, gördüyümüz işin 80%-i isə, aldığımız nəticənin 20% ni verir. Ticari dildə desək, istehsal etdiyimiz bütün məhsulların 20%-i, şirkət dövriyyəsinin 80%-ni verir.
ABC analizi məhsulların üç əsas kateqoriyaya bölünərək analiz edilməsidir:
1.A kateqoriya məhsullar – ən qiymətli məhsullarımızıdr. Çünki bu məhsullar mənfəətimizin 80%-ni təşkil edir;
2.B kateqoriya məhsullar – aralıq məhsullarımızdır. Bu məhsulları mənfəətimizin 15%-ni təşkil edir;
3.C kateqoriya məhsullar – ən aşağı dəyəri olan məhsullarımızdır. Bu mənfəətimizin 5%-ni təşkil edir.
Yuxarıda göstərilən faizlər dəyişə bilər. Amma adətən bu metoddan (80-15-5) istifadə edilir. Burada istənilən sayda təsnifatlaşdırma aparmaq olar. Daha çox üç əsas qrup fərqləndirilir. İndi isə praktika üzərindən məsələyə daha detallı nəzər yetirək.
FMCG (Fast-moving consumer goods) sektorundan bir nümunəyə baxaq. Məs: şirniyyat istehsal edən bir biznesimiz var. Şirkətimiz 16 fərqli kateqoriyada şirniyyat məhsulu (Karamel, Rulet, Jelibon, Marmelad, Lokum, Saqqız, Peçenyə, Halva, Draje, Kreker, Zefır, Vafli, Biskvit, Keks, Şokolad, Tort) istesalçısıdır. Və əlimizdə şirkətin illik satışının datası var. Bu suallara cavab tapmaq istəyirik:
1) Şirniyyat bazarının vəziyyəti;
2) İstehlak edilən əsas SKU (Stock Keeping Unit)-lar hansılardır;
3) Bazarda pay qazanmaq üçün hansı istehsalda hansı məhsullara önəm verilməlidir.
Analizi həyata keçirmək üçün aşağıdakı ardıcıllıqla işləri icra etməliyik:
1.Məhsullar, aylıq dövriyyələrinə görə çoxdan-aza doğru sıralanmalıdır (C sütunu)
2.Hər bir məhsuldan əldə olunan gəlirin dövriyyədə payı göstərilməlidir (D sütunu)
3.ABC analizinin əsas faktoru olan kumulyativ faiz göstərilməlidir (E sütunu). Bu məhsulların dövriyyədə paylarının ardıcıl olaraq, hər dəfə cəmlənməsi deməkdir. (1.65%+1.59%=3.24%)
Artıq bizə lazım olan suallara rahat cavab tapa bilərik. İstehlak edilən əsas SKU-lar B sütununda gördüyümüz ilk 101 SKU-dur. Çünki məhsulların dövriyyəsi, ümumi dövriyyəmin 80%-ni təşkil edir. Deməli mən bazara ilk 101 məhsul ilə daxil olsam, şirlətimin bazar payı daha yüksək olar.
Beləliklə, ABC analizi əsas məhsullara diqqət yetirməyə və qiymətlərini izləməyə imkan verir. Bu həmdə məhsulları nəzarətdə saxlamağa kömək edir və müəssisədə xərclərini buna uyğun olaraq planlayır. Həmçinin müvafiq bazada təkmilləşdirmələr aparmaq üçün əlimizdə bir məlumat bazasıda yaranmış olur.
Məqalədə istifadə olunan datanı buradan yükləyə bilərsiniz. Qeyd edim ki, data reallığı əks etdirmir, Excelin =RANDBETWEEN() funkiyası vasitəsilə yaradılmışdır.
Rəşad Qurbanov
Veysəloğlu şirkətlər qrupu – Hesabat və data analitika üzrə baş mütəxəssis