Əksəriyyətimiz bilirik ki, məhsulların anbarda saxlanılması maliyyə xərci tələb edir. Oğurluq baş verən zaman isə demək olar ki, bu xərclər birə beş artır. Oğurluq müxtəlif səbəblərdən fərqli sxemlər üzrə baş verir. Hər bir halda buna şərait yaradan əsas səbəblər var:
1. Anbar işçilərinin əmək haqqı sistemi aşağı səviyyədədir. Yəni aldığı maaş onun xərclərini qarşılamır;
2. Xırda oğurluğu və ya nəzərdən qaçan malları heç kim görmür və ya axtarmır;
3. Oğurluğa artıq köhnə iş yerində adət edib;
4. Rəhbərliklə şəxsi ədavəti var;
5. Digər işçilər tətəfindən sövq edilir.
Düşünməyin ki, oğurluq tək bizə məxsus olan cəhətdir. Dünyanın istənilən nöqtəsində bu “bəlaya” rast gəlinir.
Oğurluq tək və ya bir neçə şəxsin əlbir olması ilə həyata keçirilir.
· Ekspeditor malı qəbul edənlərlə əlbir olur;
· Satış nümayəndəsi malı qəbul edənlərlə sövdələşir;
· Ekspeditorla sürücü razılaşır;
· Operatorla anbardar birlikdə “iş” görürlər.
Oğurluq əsasən aşağıdakı yollarla baş verir:
1. Oğurluq mal anbardan zibil içində çıxarılır;
2. Xırda mal böyük ölçülü malların içinə yerləşdirilir;
3. Kommunikasiya xətləri yerləşən və ya digər köməkçi ərazilərdə gizlədilir və ilk fürsətdə çıxarılır;
4. Mal yükləndikdə çəkisi, ədəd sayı və ya ümumiyyətlə bütövlükdə qeydiyyatdan keçmir;
5. Xırda mallar işçinin üzərində çıxarılır;
6. Xarab mal adı ilə normal mallar utilizasiyaya gedir;
Oğurluqla mübarizə üsulları:
· Düzgün və dəqiq qeydiyyat sisteminin qurulması. Çəki, qutu sayı, assortimentin anbarda yeri, istehsal və qəbul edildiyi tarix, digər zəruri məlumatlar avtomtlaşdırılmış qeydiyyata salınması.
· Normal motivasiya sistemi. Bu maddi və qeyri maddi motivasiya olmalıdır. Əlavə olaraq komanda şəklində motivasiya proqramları formalaşmalıdır.
“Əsgərlikdə olanda, bölükdə daim oğurluq baş verirdi. Ya ayaqqabı ya da digər xırda ləvazimatlar oğurlanırdı. Oğrunu tapmaq mümkün deyildi. Onda bütün əsgərlərə bildirdim ki, hər oğurluq halı baş verdikdə bütün bölük cəzalandırılacaq. Həmin gün əsgərlər bölük daxili növbətçilik qurdular. Oğru tutuldu və onların özü tərəfindən də cəzalandırıldı. Fakt odur ki, o gündən sonra bölükdə oğurluq bir daha baş vermədi”.
Əmin edirəm ki, əksər hallarda oğurluq haqqında digər işçilər bilir və buna sadəcə “mənim işim deyil” fikri ilə yanaşırlar. Kvartal üzrə bütün anbar işçilərinə təyin olunmuş bonusun oğurluq halı baş verdiyi tərzdə ləğv olunması belə işçilərin məsələyə müdaxiləsinə böyük təkan verər.
· Kameraların quraşdırılması. Hətta kameralar işləmədiyi halda, onların göz qabağında quraşdırılması oğruda qorxu hissi yaradır. Kameralar bütün giriş və çıxışları əhatə etməli və yüksək keyfiyyətli görünüşə malik olmalıdır.
· Mal və nəqliyyat vasitələri çıxıb – girdikdə müasir tərəzilərlə çəkisi ölçülməlidir. Girişdə xüsusi mühafizə tərəfindən nəqliyyat vasitələrinin çəkisi ölçülür və qeydiyyat aparılır. Çıxış zamanı nəqliyyat vasitələrinin çəkisi bir daha ölçülür və yaranmış fərgin qaimələri təqdim olunur.
· Ən azı ayda bir dəfə invenrtarizasiya qrupu tərəfindən inventarizasiya aparılır.
· Qutular atılmadan öncə açılır və yastı şəkildə atılır.
· Anbarın bütün yerləri işıqlandırılmalıdır. Köməkçi otaqlar daim bağlı olmalı və açarlar xüsusi ayrılmış işçidə saxlanmalıdır.
· Əgər sizin anbardan mallar müəyyən olunmuş ünvana gedirsə, bu ünvanı kodlaşdırın. Dəqiq ünvan yalnız ekspeditora məlum olmalıdır.
· Ekspeditorlarla anbar işçilərinin təmasını minimuma endirin. Sifarişlər sənədlə və ya terminallarla ötürülür və maşınlara müvafiq tərzdə yüklənilir. Maşınlar ayrılmış bir şəxs tərəfindən(anbardar köməkçisi) təhvil təslim edilir.
ABŞ-da aparılan sorğunun nəticələrəinə görə, 33% işçilər oğurlayır, 50% isə oğurluğa meyillidir. İşçiləri qohum, tanış, “yaxşı oğlandı” prinsipi ilə seçərək özünüzdə yalançı güvən hissi yaratmayın. Şirkətinizi müasir üsullarla mühafizə edin.
Hörmətlə,
Samir Eyyubov