Azərbaycanda balıq məhsullarının və hazır yeməklərin istehsalı ilə məşğul olan “M.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.
Marja xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi Məlik Məmmədov tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
İddia tələbi üzrə hazırlıq iclası 26.01.2021-ci il tarixdə saat 10:00-da keçirilmiş, mülki iş baxışa təyin edilmişdir.
Məhkəmə baxışının iclası 16.02.2021-ci il tarixdə saat 15:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəkdir.
Qeyd edək ki, “M.Ş.” MMC məşhur “Dalğa”,”Balıqçı” və “Yelkən” balıq məhsulları brendlərinin sahibidir.
Mənbə:www.marja.az