Bu ilin sentyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ardıcıl olaraq dörd aydır artım nümayiş etdirir. Ötən ay dünyada ərzaq məhsullarının qiymət indeksi aylıq ifadədə 2,1% artaraq orta hesabla 97,9 bənd təşkil edib.
Foodinfo.az-ın APA-Economics – ə istinadən verdiyi məlumata görə, bu göstərici illik ifadədə 5% artıb.
Sentyabrda taxıl qiymətlərinin indeksi avqust ayı ilə müqayisədə 5,1%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 13,6% artaraq 104 bəndə çatıb. Buğdanın yüksək qiymət kotirovkaları, cənub yarımkürədəki istehsal perspektivləri ilə bağlı narahatlıqlar və Avropadakı qışlıq buğda əkinlərinə təsir edən quraqlıq ilə əlaqədar olan sürətli ticarət fəallığı qiymət artımına səbəb olub.
FAO-nun tərəvəz qiymətləri indeksi də sentyabrda 6% artaraq səkkizaylıq maksimuma çatıb və 104,6 bənd təşkil edib. Ət qiymətləri indeksinə gəldikdə, burada əksinə, sentyabr ayında 0,9% azalma müşahidə olunub. İllik müqayisədə də 9,4% azalan bu indeks 91,6 bəndə enib.
FAO-nun açıqladığı süd məhsulları qiymətləri indeksi hesabat ayında dəyişməz olaraq qalıb (102,2 bənd). Şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən sentyabr ayında 2,6% azalaraq 79 bənd təşkil edib.
Qeyd edək ki, FAO dünya taxıl istehsalı üzrə yeni proqnozunu açıqlayıb. Belə ki, gözləntilərə əsasən, bu il 2 762 mln. ton taxıl istehsal olunacaq ki, bu da illik müqayisədə 2,1% çoxdur və tarixi maksimum hesab olunur.
Mənbə:www.foodinfo.az