Əziz “Səba” məhsulları istehlakçıları!“Səba” toyuq əti məhsulları üzərindəki etiketləmə ilə bağlı bizə ünvanlanmış narahatlıq dolu suallarınızı cavablandırmağı özümüzə borc bilirik.Sizə məlumdur ki, “Səba” Azərbaycanda beynəlxalq və dövlət halal standartlarına malik ilk toyuq əti istehsalçısı və yeganə süd məhsulları markasıdır. Bir qida istehsalçısı kimi, halallıq bizim üçün təkcə dinimizin tələbləri deyil, həm də insan sağlamlığı üçün vacib istehsalat prosesləri zənciridir. “Səba” toyuq əti istehsalının halallığı hələ heç bir standart və sertifikat almadığı zamandan – Şabranda kəsimxananın üzü qibləyə tikilməsi ilə başlayıb. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin səlahiyyətli nümayəndələri dəfələrlə müəssisədə olub, kəsim və halallıq tələblərinə riayət qaydalarını izləyib, kəsimin ölkə müsəlmanlarının qəbul etdiyi şəriət qaydalarına uyğunluğu barədə rəylərini bildiriblər. 2014-cü ildə ilk dəfə GİMDES Halal və Tayyib Sertifikatı ilə bağlı “Səba” müəssisələrində (həm kəsimxana, həm qablaşdırma, həm toyuqların bəslənməsi yerləri, qida təchizatı anbarları, qablaşdırma materialları və digər) yoxlamalar aparılıb, müəssisə sertifikatlaşdırıldıqda da verilən sertifikatda kəsimin məhz bütün məzhəblərə uyğun aparıldığı göstərilmişdir və hər il yoxlama zamanı bu fakt bir daha yenilənmiş sertifikatlarda əksini tapır. Bunu nəzərə alan GİMDES “Səba”nın istifadə etməsi üçün loqoda heç bir məzhəb göstərilməməsi barədə razılıq vermişdir. Qeyd edək ki, GİMDES loqolarından birində yer alan 4 məzhəb islamın halal qidaya ən sərt tələbləri olan məzhəbləridir və təşkilat bu tələbləri gözlədiyini bununla nümayiş etdirir. GİMDES nüfuzuna güvənən istehlakçılarımızın bizə dəfələrlə müraciətindən sonra bu qurumun bizim üçün xüsusi təsdiqlədiyi loqonu məhsullarımızın qablaşdırması üzərinə vurmağı qərara aldıq. Lakin təəssüf ki, çap şirkətinin dizayneri göndərilən loqonun keyfiyyətdə uyğun gəlmədiyini düşünərək, qurumun internet saytından yüklənən halal nişanından istifadə etmiş, məsul əməkdaşlarımız da bu yanlışlığı diqqətdən qaçırmışlar.Əziz dindar bacı və qardaşlarımız, “Səba” məhsullarının istehlakçıları! Bütün müsəlmanlar üçün əziz olan bu birlik və bərabərlik ayında təchizatçımızın və əməkdaşlarımızın düşünmədən etdiyi yanlışlıq ucbatından hisslərinizə qarşı hər hansı təhqir qəbul etmisinizsə, sizdən üzr istəyirik! “Səba” sizləri bundan sonra da dinimizin buyurduğu halal və sağlam qida ilə təmin edəcəyinə söz verir.
Mənbə:Səba rəsmi facebook səhifəsi