ABŞ şirkəti “Kraft Heinz” “Assan Foods” şirkətini Türkiyənin “Kibar Holding”dən təxminən 100 milyon dollara satın alır.
“Kingtom”, “Colorado”, “Oba” kimi markaların sahibi olan “Assan Foods”un təxminən 400 işçisi var.
“Assan Foods” “Kibar Holding’” tərəfindən 1998-ci ildə, sous istehsalında istifadə edilən sənaye pomidorunun ən çox yetişdirildiyi bölgə olan Karacabey düzənliyinin yanında, Susurlukda qurulub. Sektora ilk olaraq pomidor emalı və pomidor sousu istehsalı ilə addım atan şirkət 2000-ci ildə ketçap, 2002-ci ildə mayonez və sous növləri istehsalına başlayıb.
Şirkətin portfelində pomidor və bibər sousu, ketçap, mayonez və müxtəlif souslar olmaqla 300-dən çox məhsul var.
2013-ci ilin fevral ayında tanınmış iş adamı Warren Buffett və “3G Capital” şirkəti, ketçupu ilə məşhur olan “Heinz”i 23 milyard dollara satın almış və şirkət 2 il sonra “Kraft” ilə birləşərək “The Kraft Heinz Co.” adını almışdır. Bütün dünyada 40 minə yaxın işçisi olan “Kraft Heinz”, keçən ili 26 milyard dollarlıq satışı ilə bağlayıb. ABŞ şirkəti eyni zamanda dünyanın 5-ci ən böyük qida və içki şirkətidir.