“Amazon Go” digər marketlərində istifadə olunan kassasız texnologiyanı “Whole Foods” supermarket şəbəkəsinə də tətbiq etmək istəyir. “New York Post”un verdiyi məlumata görə “Amazon” 2021-ci ilin 2-ci yarısında bu texnologiyanı “Whole Foods”a tətbiq edəcək. Hal-hazırda 20-dən çox “Amazon Go” marketində istifadə olunan bu sistem vasitəsi ilə insanlar aldıqları məhsulların qiymətini ödəmək üçün kassada vaxt keçirmirlər. Onların rahatlıqla marketdən çıxmaları üçün kameralardan, sensorlardan və komputer texnologiyalarından istifadə olunur.
Yeni texnologiyanın “Whole Foods”a tətbiqi “Amazon”un dünya üzrə istehlakçı departamentinin baş direktoru Jeff Wilke-nin gələn ilin əvvəlində təqaüdə çıxmazdan əvvəl təqdim etdiyi son 2 layihədən biridir.
“Amazon” 2017-ci ildə “Whole Foods”u satın aldıqdan sonra müştərilər, işçilər və jurnalistlər bu texnologiyanın buraya da tətbiq edilib-edilməyəcəyini müzakirə edirdilər. Fevral ayında “Amazon Go” şirkətinin vitse-prezidenti Dilip Kumar, hələlik belə planlarının olmadığını söyləmişdi.
“Amazon” bu texnologiyanı pərakəndə satış şirkətlərinə satmağa başlayacağını bildirdikdə “Birləşmiş Qida və Ticarət İşçiləri Həmkarlar İttifaqı” bunun 16 milyon amerikalı perakəndəçinin işinə bir təhdid olduğunu və bunun bir strategiya olduğunu bildirmişdi. “Amazon” isə bu fikirlərə münasibət bildirməkdən imtina etmişdi.