“Coca-Cola”, pandemiyanın da güclü təsir etdiyi yenidənqurma planına əsasən, dünya miqyasında 2.200 işçisini ixtisar edəcək. Bu işçilərin 1200-ü ABŞ-da işləyir və bu da şirkətin öz daxili bazarında işçi qüvvəsinin təxminən 12%-ni təşkil edir. Məlumat ilk olaraq “The Wall Street” jurnalı tərəfindən bildirilib.
2019-cu ilin sonunda şirkətin 10.400-ü ABŞ-da olmaqla 86.200 işçisi var idi. Lakin pandemiya şirkətə böyük zərərlər vurdu. Satışların təxminən yarısı içkilərini evdən kənarda içən istehlakçıların payına düşürdü. Üçüncü rübdə xalis satışlar 9% azaldı.
Şirkət, bunun üçün bəzi tədbirlər görmək məcburiyyətində qaldı. “Tab” və “Odwalla” markası kimi satışı az olan və böyümək üçün fürsət verməyən içkilərin istehsalını dayandırdı. Hal-hazırda regional və yerli səviyyəyə yönəldilmiş 5 qlobal marketinq lider qrupu ilə kateqoriyalara bölünərək yeni əməliyyatlara hazırlaşır.
Şirkətin işdən çıxma xərcləri üçün 350 milyondan 550 milyona qədər vəsait ayırması gözlənilir.