Bu gün dünya qloballaşır. Buna uyğun olaraq da logistika sistemi inanılmaz sürətlə inkişaf etməkdədir. Texnologiyanın irəliləyiş tempinin yüksək olması həyatımızı yeni yeni reallıqlarla üzbəüz qoymuşdur. Müasir standartlar zəminində əzəmətli miqyasda istehsal olunan məhsulları dünyanın istənilən bir yerindən istənilən digər nöqtsəinə çatdırılması tez həll olunur və artıq bu bir problem olmaqdan çıxmışdır.
Əsas odur ki, sifariş olsun. Sifariş əsasında istehsal olunan məhsulun öz ünvanına çatdırılması zəruri olsun.
Mən bu yazıda bütün məhsullardan danışmaq niyyətində deyiləm. Əslində heç məhsulların özlərindən danışmaq fikrindən də uzağam. İstəyim gündəlik tələbat malları və ya ilkin tələbat mallarının adverimi barəsində öz mülahizələrimi söyləməkdir.
Daha doğrusu, ilkin tələbat mallarının neyminqinə-adveriminə dair fikirlərimi nəzərinizə çatdırmaqdır.
Gündəlik tələbat mallarının bir sıra özəllikləri var ki, bu da onların markalaşması prosesinə xüsusi diqqət yetirməyi tələb edir. Bu baxımdan mütəxəssislər gündəlik tələbat mallarının fərqli özəlliklərini ön plana çəkirlər. Adverimi prosesində bu xüsusiyyətləri nəzərə almaq son dərəcə zəruridir ki, sonra kommunikasiya strategiyasının həyata keçirilməsi asan olsun.
Birincisi, gündəlik tələbat mallarnın istehlak dövriyyəsi çox böyükdür. Çünki istehlakçılar müəyyən alış-veriş vərdişləri modelinə sahibdirlər.
İkincisi, bu tipli məhsulların satışından əldə olunan mənfəət nisbətən azdır. Odur ki, dövriyyənin daim yüksəlməsi aktuallığını saxlamaqdadır.
Üçüncüsü, hədəf kütlə tərəfindən bu qəbildən olan məhsullara daim artan tələb var. Çünki bu, bir tərəfdən insanın bir fərd olaraq, təkrar istehsalını təmin edir, digər tərəfdən, ilkin tələbat malları tez tükənir, onların müddətli saxlama standartları nisbətən qısadır.
Dördüncüsü, bu ilkin tələbat məhsulları vərdiş və alışqanlıqlar əsasında alınır və onların axtarışına hədəf kütlə çox zaman sərf etməyə həvəsli deyildir.
Onun sınanmış loyallığı və alışqanlıqları, gündəlik tələbat məhsullarının həmişə göz önündə olması müəyyən dərəcədə istehlakçı qərarlarına təsir göstərə bilir.
Beşincisi, ilkin tələbat mallarının birinin digəri ilə əvəz olunması prosesi asan həyata keçirilir, gündəlik tələbat mallarının əvəzlənməsi ağrısız baş verir, yeni məhsula bağlantı tez formalaşır.
Firma yaratmaq və onun məhsullarını hədəf kütləyə təklif etmək hər kəsin arzusudur. Qadınların xəz palto istəyi qədər hər kişinin uşaqlıq arzusudur biznes…Təsis etmək istədiyiniz firmanın adı fəliyyət yönünüdən asılı olaraq, insana xoş gələcək qədər fərqli, istehlakçının hafizəsində iz buraxacaq qədər tələffüzü asan və səslənməsi baxımdan emosianal enerjiyə sahib olmalıdır.
Hər bir şirkətin fəaliyyətinə rəsmi qeydiyyatdan öncə ad ilə start verilir. Bir gəminin dənizə hansı adla çıxsa, o ad da ondan ötrü bir tale yolu olacaqdır. Biznes dənizinə çıxan firmanızın yelkəni üzərində adınız mükəmməl olmalıdır. Biz burada mükəmməllik deyəndə, ilk növbədə, adın hərtərəfli bitkinliyini nəzərdə tuturuq. Hətta öz dilimizdə olan adların başqa dillərdə də problemsiz transliterasiyası və səslənməsi önəmlidir. Bunu bəri başdan nəzərə almaq vacibdir.
Son 20 ilin təcrübəsi göstərir ki, hər sahədə mənim doğru düşündüyüm və irəlilətdiyim adlar illərlə yaşamaq gücünə sahibdir. Çünki milli ruhu əks etdirirlər, yeli istehlakçının rəğbətini qazana bilir.
Yeri gəlmişkən, adlarını verdiyim və mövqeləndirilməsinə bir aksiya kimi deyil, davamlı və sistemli proses kimi baxdığım, markalaşmada iştirakım istisna olunmadığı bütün hallarda brandinq uğurlu olmuşdur.
Mənim gündəlik tələbat malları üçün verdiyim onlarla adlar arasında daha doğma olanlardan biri DOYMAK-dır. Bu markaya özüm çox bağlıyam. Ona olan müştəri rəgbətindən çox məmnunam. Belə bir yerli markanın formalaşmasında əməyi olan hər kəs qürur duya bilər.
Markalaşmanın gedişində ciddi və faydalı əməkdaşlıq başqalarına da nümunə ola bilər.
Dilimizdə Doymak sözü yoxdur. Bu söz yenidir və iki sözdən – Doyuran Makaron sözlərinin ilk hecalarından yaranıb. Ona türkdilli insanlar da hər yerdə rəğbətlə yanaşırlar. Çünki asan tələffüz olunur, dilə yatımlıdır, məna yükü var və ilk tələffüzdən sanki illərdir dildə istifadə etdiyini duyursan.
Digər tərəfdən, təbiətdə hamı-insanlar, torpaq, canlılar, meşələr, çaylar, okeanlar qidalanmağa proqramlaşdırılıb. Buludlar dolmaq və yağışa və ya qara dönmək üçün, çaylar geniş tarlaları və plantasiyaları suvarmaq üçün, dənizləri və okeanları doyurmaq üçün, səhraların susuzuzluğunu söndürmək üçün, tropik yağışlar həftələrlə sellənmək üçün…Bunlar hamısı bir doyuma möhtacdır.
Kainatda milliardlarla insan və canlılar doymağa ehtiyac duyurlar ki, ac qalmasınlar, təbiət daha məhsuldar olsun, hər yerdə hər kəs firavan yaşasın…
Bu markanın çətir brendə çevrilməsi də fərəhli haldır. Çünki konkret nümunə əsasında brand formalaşdırma prosesini izləmək mümükündür.
Xarici dillərdən tərcümə olunan və ya xarici brandinqə əsaslanan mənbələrin tovsiyəsi faydalıdır. Amma tam məsuliyyətlə deyə bilərəm ki, yeni və yerli markaların yaradılmasını, bazarda layiq olduğu yerini tuta bilməsini, tanıdılmasını, irəlilədilməsini, mövqeləndirilməsini kitablardan, deyil, həyat təcrübəsi zəminində gerçəkləşdirmək vacibdir.
Təcrübəmin zənginliyi tam əminliklə deməyə əsas verir ki, yerli brandinq bir istiqamət olaraq, yeni və güclü təkan almalıdır, iş adamlarının yerli markalar yaradılmasına diqqətinin artırılması zəruridir, xarici dilli adlardan tədricən əl çəkmək zəruridir, yerli məhsul və xidmətlərin markalaşmasına diqqət artırılmalıdır ki, turizmin populyarlışdığı bir dövrdə yerli və təbii məhsulların sevilməsinə platforma təmin olunsun.
Yerli məhsullar üçün, yerli xammal üçün utancaqlıq keçirdiyimiz zamanlar geridə qalmışdır. Torpağımız bolluğa hamilədir. Nemətlərimiz yüksək keyfiyyətə məhkumdur. Sərvətlərimiz, iqlimimiz, məhsullarımız səxavətlə insanlarla paylaşılacaq standarta sahibdir.
Bolmart, Meqa Store kimi iri ticarət obyektlərinə verilən adlar əslində mənim lokal yanaşma baxımından uğurlu addımlarımdan idi. Amma bu günün tələbləri dəyişilmişdir və irili-xırdalı bütün ticarət obyektlərinin yeli adlarla markalaşması aktualdır. Adları ciddi kreativ tapıntıya dayanıqlı olmalı, məhsulun və ya ticarət obyektinin təyinatının təqdimatı baxımdan yaxşı nümunə olmalıdır.
Gündəlik tələbat məhsullarına adverimi mürəkkəb prosesdir. Çünki dünyada yüz minlərlə market və supermarketlərdə eyni məhsulun saysız-hesabsız alternativləri təklif olunur. Hədəf kütlənin bu marka okeanında düzgün səmt aparması üçün ad mühüm rol oynayır.
Lakin sifarişçilər öz işləri ilə məşğul olmaq əvəzinə həftələrlə reklam və markalaşma sahəsində fəaliyyət göstərir və zaman itirirlər. Bu elə seqmentdir ki, təəssüflər olsun ki, hər kəs özünü mütəxəssis sayır. O yerdə ki, sifarişçi tərəf bütün məsuliyyəti icraçının üzərinə qoyur və əməkdaşlıq ruhunda çalışır, nəticələr də müsbət olur.
Bu baxımdan bu il bazara çıxarılan ASHRAFİ düyüləri, KOROVUŞKA kərə yağları və ODEL qənnadı məmulatlar fabriki üçün adlar diqqəti cəlb etməyə bilməz. Bu adlar iki tərəfin sıx əməkdaşlığının bəhrəsidir.
Əslində KÜBAR kolbasalarının, FULFUL sosikalarının, ALPENA pendirlərinin, SİNOV restoranının adlarını verərkən də əsas istəyim adın kommunikasiya resurslarının zəngin olması və tez yadda qala bilməsi olmuşdur. SONTİ şirələrini bir vaxt qazanmış olduğu uğur da əslində bununla izah olunur. Burada həyata mənim dəstəyimlə vəsiqə alan bütün adları sadalamaq istəmirəm. Əslində LAFARELLA makaronlarının adı məsələyə fərqli yanaşmadan qidalanır.
Advermə, markalaşma, brandinq proseslərinin qısa icmalı onu deməyə əsas verir ki, yerli və ixraca yönəlmiş məhsulların və xidmətlərin yeni müstəvidə və beynəlxalq standartlar və patent hüququ səviyyəsində işlənib hazırlanmasının zamanı çoxdan gəlib çatmışdır.
Bu məsul işi öz üzərinə götürərək, həyata keçirmək və gerçəkləşdirmək üçün ölkədə peşəkar kadrlar və yaradıcı komandalar vardır, onların ustalığından faydalanmaq zamanıdır.
Adın pozitiv səslənməsi, motivasiyalı olması da önəmlidir. Loqoniun göz və adın isə qulaq oxşaması gəlişi gözəl deyilən sözlər deyil. Bu qənaət uzun illərin sistemli təcrübəsindən qaynaqlanır.
Bütün bunlar onu söyləməyə əsas verir ki, gündəlik tələbat mallarının adverimində nəzərə alınmalıdır:
-şablon və çeynənmiş adların əvəzinə yeni və kreativ adlar düşünülməlidir,
-xarici markaları yamsılayan, əcayib xarici sözlərin tətbiqi praktikasından imtina edilməlidir,
-yeni adlar hesabına dil zənginləşməlidir, mənşəyi bəlli olmayan adlarla dilin ekologiyasına zərər dəyməməlidir,
-adlar insanlar tərəfindən sevimıli olaraq qarşılanmalı və həvəslə tələffüz olunmalıdır, yüksək ruhla səsləndirilməli , ciddi şəkildə markalaşmalıdır,
-adverimi ilə bağlı işlərin məhz peşəkarlara həvalə olunması ciddi və praktikada geniş yer alan normaya çevrilməlidir,
-ölkədə peşəkar neymerlərin sayının az olduğu nəzərə alınmalı, bu yöndə gənc kadrların yetişdirilməsinə dəstək verilməlidir.
Çünki, bu dünyada hər şey bir addan başlayır.
Həm də hər işin, hər əməlin mütləq bir adı olur.
Hörmətlə,