İri ticarət şəbəkələrinin sahibkarlara qarşı yanaşmasında ciddi qanun pozuntusu əlamətləri müşahidə olunur.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Tədbirdə Assosiasiya üzvləri dünya bazarındakı davamlı bahalaşmanın quş əti və yumurtanın qiymətinə təsiri müzakirə zamanı yerli istehsalçıların bu məhsullara olan tələbatını tam ödəmək potensialında olduğuna baxmayaraq qarşılaşdıqları müəyyən məsələlər barədə məlumat veriblər. İstehsal zəncirində baş verə biləcək ləngimələrin əsas səbəbi kimi iri pərakəndə ticarət şəbəkələrinin istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmədiklərini qeyd ediblər.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, iri ticarət şəbəkələrinin sahibkarlara qarşı bu cür yanaşmasında ciddi qanun pozuntusu əlamətləri müşahidə olunur və antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə əngəl yaradır. Məsələnin birbaşa ərzaq təhlükəsizliyinə təsir edə biləcəyini nəzərə alaraq, qanun pozuntusu aşkar olunduğu təqdirdə bu təsərrüfat subyektləri barədə ciddi tədbirlər görüləcək.
Mənbə: Foodinfo.az