“FIFO” məhsulun rotasiya qaydasıdır. Bu qaydaya əsasən, son istifadə tarixi daha qısa müddət olan məhsul satışa ilk növbədə çıxarılmalıdır. Qayda məhsulun istehsal olunduğu andan istehlak anına qədər sürən “ömrü” boyu tətbiq olunur:
1. İstehsalat anbarlarından ilk növbədə daha əvvəl istehsal olunan mallar göndərilir.
2. Ticarət anbarlarından ilk növbədə istehsal anbarlarından daha əvvəl gələn mallar göndərilir.
3. Pərakəndə satış nöqtələrində ilk növbədə təchizatçıdan daha əvvəl gələn mallar piştaxtalara gətirilir.
4. Daha əvvəl istehsal olunan mallar piştaxtalarda müştərilərə daha yaxın düzülür, istifadə müddəti daha uzun olanlar isə rəfin arxasına yığılır, yaxud mağazanın anbarında saxlanılır.
Bu yolla malların operativ şəkildə, gecikmədən istehlakçıya çatdırılması təmin olunur. Bu, tez xarab olan məhsullar üçün xüsusilə əhəmiyyətlidir. Məsələn, çörək və ya süd məhsulları üçün malların istehsal olunduğu andan satışa çıxarılmasına qədər olan dövr adətən bir gündən artıq olmur. Beləliklə, istehlakçı ən təzə məhsulu əldə edir, malların hərəkət prosesinin (istehsal, anbar, ticarət bölməsi, pərakəndə satış nöqtələri) bütün iştirakçılarının isə, vaxtı keçmiş malların silinməsi zərurəti ilə bağlı itkiləri olmur.
Bu qayda eyni zamanda istifadə müddəti daha uzun olan məhsullar üçün də faydalı ola bilər. Qayda xüsusən aşağıdakı məsələləri həll etməyə imkan verir:
1. İstehsalçı malların dizaynını və ya hər hansı digər xüsusiyyətlərini dəyişdirdikdə, pərakəndə satış nöqtələrində köhnə xüsusiyyətlərə malik malların satışı və yeni xüsusiyyətlərə malik mallarla tədricən əvəz olunması təmin olunur.
2. Satış nöqtələrinin vitrinlərinə çıxarılan malların rotasiyası günəş işığı altında paketlərin və etiketlərin rənginin dəyişməsi ilə bağlı ziyanın qarşısını alır.
3. Üzərində maksimal pərakəndə satış qiyməti olan məhsulun (tütün məhsullarının) rotasiyası satışda yalnız eyni və cari qiymətlə satılan məhsulların olmasını təmin edir. Əgər birdən, tamamilə eyni “Winston” siqaretləri fərqli qiymətlərlə satışa çıxarılsa, əmin ola bilərsiniz ki, məhsulun rotasiya qaydası pozulub, bu səbəbdən də siqaretlərin bir hissəsi əvvəlki aşağı qiymətlə satılır, yəni satış nöqtəsi daha az gəlir əldə edir.