“Walmart” onlayn alış-verişin ən böyük mənfi cəhəti olan məhsulun geri qaytarılması problemini aradan qaldırır. Şirkət bu yaxınlarda müştərilərə geri qaytarmaq istədikləri məhsulları evdən çıxmadan təhvil verə biləcəkləri “FedEx” tərəfindən hazırlanan ödənişsiz “Carrier Pickup” sistemi ilə xidmət göstərəcəyini bildirib. Artıq müştərilər geri qaytarmaq istədikləri məhsulları qapılarının qarşısına qoyacaq və məhsullar “FedEx” tərəfindən ünvandan təslim alınacaq. Müştərilər geri qaytarma müddətini onlayn olaraq başlada bilərlər və məhsulların qaytarılması üçün vaxtı özləri təyin edə bilərlər. Şirkət, müştərilərin məhsulu qaytardıqdan sonra ödənişlərini ən qısa müddətdə geri ala bilmələri üçün prosesin müddətini sürətləndirəcəklərini bildirib. Eyni zamanda rəqib şirkətlərdən biri olan “Amazon” isə “UPS” sistemləri ilə bu xidməti ödənişli şəkildə həyata keçirir. “Walmart” bu məqamda “Amazon”a qarşı rəqabət üstünlüyünü əldə etmiş olur.
“Walmart” Amerikadakı ən böyük pərakəndə şirkətidir. Lakin onlayn alış-veriş baxımından həmişə “Amazon”la rəqabətdə olub. “Walmart” əvvəllər sadəcə 35 dollardan yuxarı alış-verişlərdə ödənişsiz çatdırılma xidməti təklif edirdi. “Amazon” isə son 15 ildə ödənişsiz çatdırılma və digər xidmətləri ilə bu sahədə liderliyi əlində saxlamışdı və şirkətə sadiq “Prime” müştəri kütləsini yarada bilmişdi. “Walmart” isə bunun qarşısına keçmək üçün sentyabr ayında “Walmart Plus” sistemini yaratmışdı.
“Walmart”ın yaratdığı bu son sistemin xüsusilə insanların evindən çıxmağa ehtiyat etdiyi bir dövrdə təqdim olunması şirkət üçün çox böyük üstünlük olacaq. Hesablamalara görə il sonunda onlayn alış-verişin 35,8% artması gözlənilir.